“Tarixin acısı-qan yaddaşımız” filmi təqdim olunub

“Tarixin acısı-qan yaddaşımız” filmi təqdim olunub

  • 20 Yanvar, 2018

Yanvarın 19-da XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb. AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Vətən torpağı uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas çıxış edərək 20 Yanvar hadisələri və xalqımızın başına gətirilmiş faciələr haqqında məlumat verib. Vurğulayıb ki, ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Sovet imperiyası rəhbərliyinin 20 Yanvar faciəsini törətməkdə məqsədi Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin qarşısını almaq, milli azadlıq hərəkatına zərbə vurmaq idi. Tariximizə qanlı faciə kimi daxil olan bu hadisə istiqlaliyyət, suverenlik və müstəqillik uğrunda ayağa qalxmış Azərbaycan xalqının apardığı mübarizənin şərəfli səhifəsidir.


XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təsisçisi Arif Qaraşov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələri yada salıb, sovet ordusunun paytaxtda, eyni zamanda, bölgələrdə həyata keçirdiyi dəhşətli qırğınlardan danışıb.


Bildirilib ki, həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar. 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini söyləyən natiq məktəb şagirdlərinə 20 Yanvar hadisələrini unutmamağı, bu hadisələrdən dərs almağı tövsiyə edib.


Tədbirdə şəhid ailələrinin üzvləri də çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüblər. Tədbir çərçivəsində Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nərimanın rejissoru və ssenari müəllifi olduğu “Tarixin acısı-qan yaddaşımız” adlı filmi təqdim edilib.