Tanınmış müğənni və aktyor Novruz Novruzlu vəfat edib.

Tanınmış müğənni və aktyor Novruz Novruzlu vəfat edib.

  • 20 Noyabr, 2018
Azərbaycan incəsənətinə çox ağır itki üz vermişdir. Tanınmış müğənni və aktyor Novruz Novruzlu 58 yaşında vəfat edib. 
 
Novruz Novruzlu Azərbaycanda türk dünyasının tanınmış qruplarından olan “Savalan” mistik musiqi qrupunun professional səviyyədə ilk yaradıcısı idi. 
 
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Novruz Novruzlu 1960-cı ildə Ordubad şəhərində anadan olub. Orta məktəbdə oxuduğu müddətdə musiqi ilə bağlı bütün tədbirlərdə çıxış edib. Orta məktəbi bitirdikdən sonra İncəsənət Universitetinin musiqili-komediya aktyorluğu fakültəsinə daxil olub. N.Novruzlunun institutda oxuduğu illərdə bir çox müsabiqələrdə uğurlu çıxışları olub. 
 
İnstitutda oxuduğu müddətdə "Ulduz” tamaşasında Zəfər, "Arşın mal alan”da Əsgər, "O olmasın, bu olsun” tamaşasında Sərvər rollarını ifa edib. Bir müddət "Şərq ansamblı”nda solist kimi fəaliyyət göstərib. 
 
Novruz Novruzlu eyni zamanda Akademik Opera və Balet Teatrında da işləyirdi.
 
Bakı Şəhər Kino Xidməti idarəsinin keçirdiyi hərbi-vətənpərvərlik tədbirlərində müntəzəm olaraq çıxış edən Novruz Novruzlu öz nəğmələri ilə tamaşaçıların sonzuz rəğbətini qazanmışdı.
 
Bakı şəhərində keçirilən Novruz şənliklərində onun yaratdığı Dədə Qorqud obrazı öz səmimiliyi və təbiiliyi ilə uzun illər yaddaşlardan silinməyəcək.
 
İstedadlı müğənni və aktyor Novruz Novruzlunun əbədi xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
 
Allah rəhmət eləsin...