Layihə çərçivəsində “Dolu” filmi tiflo və surdo tərcümə-şərhlə nümayiş olundu

Layihə çərçivəsində “Dolu” filmi tiflo və surdo tərcümə-şərhlə nümayiş olundu

  • 08 May, 2018

      

Mayın 7-də Nizami Kino Mərkəzində görmə imkanları məhdud şəxslər üçün “Dolu” filminin nümayişi keçirildi.

Nümayişdən əvvəl layihənin rəhbəri Reyhan Cəfərova filmin tiflo tərcümə-şərhlə təqdimatı haqqında məlumat verdi. Bildirdi ki, layihə Əlil Ziyalılar İctimai Birliyi, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Əlil Ziyalılar İctimai Birliyi üçüncü dəfədir ki, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqram ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi layihəsini icra edir. Birlik Gözdən Əlillər Cəmiyyəti ilə əməkdaşlıq edərək bədii və cizgi filmlərinin, teatr tamaşalarının tiflo və surdo şərhlərini hazırlayaraq əlillərin istifadəsinə verməklə onların bərabər imkanlarla filmləri müşahidə etmək hüquqlarının təmin edilməsinə yardımçı olub. Qeyd edildi ki, bu layihəyə ilk olaraq Bakı Şəhər İcra Hakimiyyəti dəstək olmuş, bir sıra filmlərin tiflo və surdo tərcüməsinə maliyyə dəstəyi göstərmişdir. Bildirildi ki, tiflo tərcümə ilə “Dolu” filminin nümayişi 8 may - Şuşanın işğalı və 5 may - Əlillərin hüquqlarının müdafiəsi gününə həsr edilib. Azərbaycanda ilk dəfə Nizami Kino Mərkəzində “Kino hər kəs üçün” layihəsi çərçivəsində görmə və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi tərcümə olunmuş filmlər təmənnasız və davamlı olaraq nümayiş etdirilir.

Tədbirdə çıxış edən millət vəkili, “Dolu” filminin ssenari müəllifi Aqil Abbas layihəni dəyərli addım kimi qiymətləndirdi. Cəmiyyətdə əlillərin bərabərhüquqlu şəkildə sənətin bütün növlərindən faydalanmaq imkanlarının yaradılmasına görə təşkilatçılara minnətdarlığını ifadə etdi. Bildirdi ki, insanlar gözdən kor, eşidə bilməmək kimi xəstəliklərə məruz qala bilərlər, amma təki qəlblər kor olmasın, mərhəmət və birlik bütün bu məhdudiyyətlərə qalib gəlməyə şərait yaratsın. Müəllif film haqqında da fikirlərini bölüşdü.

Sonra film nümayiş olundu. “Dolu” filminin tiflo tərcümə-şərhlə təqdimatı milli kinomuzda ilk addımdır. İnanırıq ki, bundan sonra başqa ekran əsərlərimizin də gözdən əlil insanlar üçün bu formatda nümayişi onların mədəni istirahəti üçün imkanlar yaradacaq.