Azərbaycanın ilk rəngli bədii filmi
Azərbaycanın ilk rəngli bədii filmi
- 24 İyul, 2018
Azərbaycan kinosunun 120 illiyinə həsr olunur
Azərbaycanın ilk rəngli bədii filmi
Avqustun 2-də 120 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan kinosu çox uzun, tarixi bir yol keçmişdir. Kiçik süjetlərlə həyatımıza,məişətimizə daxil olan Azərbaycan kino sənəti 1936-cı ildə ”Mavi dənizin sahilində” adlı filmlə öz səsli dövrünə qədəm qoyur. Nəhayət iyirmi ildən sonra 1956-cı ildə rejissor Hüseyn Seyidzadə Azərbaycanın ilk rəngli filmini “O olmasın bu olsun” çəkməklə kino salnaməmizdə daha bir tarixi yeniliyə imza atır. 1956-cı ildə Bakının kinoteatrlarına tamaşaçı əlindən ayaq basmaq olmurdu. Uzun növbələrə yaxın düşmək mümkün deyildi. O, dahi Üzeyir Hacıbəylinin eyniadlı operettasına, Sabit Rəhmanın ssenarisi əsasında ekran həyatı verir. Bununla da “O olmasın, bu olsun” Hüseyin Seyidzadənin quruluşunda Azərbaycan kino tarixində ilk rəngli bədii film kimi daxil olur.
“O olmasın, bu olsun” filmi Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Filmin yaranma tarixi haqqında çox yazılıb. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. nöqsan kimi göstərilirdi. Lakin bu film sevildi və öz rejissoruna böyük şöhrət gətirdi. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, "O olmasın, bu olsun" qədər məşhur aktyor ansamblı toplaya bilsin. Bu, Azərbaycan aktyorlarının "kino qalereyası" idi. Təxminən ekrana çıxdığı iki-üç il ərzində artıq dünyanın 40-dan çox ölkəsində göstərilən bu film Azərbaycan kinosunun şöhrətini dünyaya yaydı. İran, İraq, Yaponiya, Avstriya, ABŞ, İsveçrə, Türkiyə, Macarıstan və digər ölkələrin tamaşaçıları filmə böyük maraqla baxırdılar. Xatırladırıq ki, Asiya və Afrika ölkələrinin Beynəlxalq Daşkənd kinofestivalında göstərilən kinokomediya o vaxt çox yüksək qiymət almışdı.Elə bu gün də "O olmasın, bu olsun" dünyanı dolaşmaqdadır. 2016-cı ildə Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu günləri çərçivəsində bu film böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.