92-ci ilin qarı

92-ci ilin qarı

  • 26 Fevral, 2018
Tariximizin ən dərin qatlarını özündə yaşadan, daş yaddaşlardan gələn tarixi-mədəni irsi, əxlaqi-mənəvi dəyərləri nəsildən-nəsilə ötürən kino sənəti gerçəkliklərin, yaşantılarımızın üzüdür desək, fikrimzdə yanılmarıq. Azərbaycan kinosunun xronoloji süjetləri böyük inkişaf yolu keçmiş bir xalqın tarixindən danışır, bir neçə dəqiqənin, saatın aşıladığı tarixi gerçəklik illəri, qərinəni belə bizə təqdim edir, yaddaşlara əbədi iz salır. Bu tarix hər bir azərbaycanlının əsrlərə iz salmış salnaməsidir.
 
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətini, beynəlxalq hüququn norma və prinsiplərini, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımını da əks etdirən olaylar ssenariləşdirilir, yetişən nəslə, dinindən, irqindən asılı olmayaraq, bəşər insanına təqdim olunur. Belə filmlər sırasında "92-ci ilin qarı" sənədli filmini də, xüsusi olaraq, qeyd etməliyik. Film kütləvi surətdə qətlə yetirilmiş və ata-baba yurdlarından didərgin salmış Xocalı faciəsindən bəhs edir. Qəddarcasına həyata keçirilən terror əməliyyatı nəticəsində şəhid olmuş, qətlə yetirilmiş, amansız işgəncələrə məruz qalmış insanların taleyi, şəhid şəhər müəllifin yaradıcılıq təxəyyülünün məhsulu kimi təqdim olunur.
 
Filmin ssenari müəllifi və rejissoru Gültəkin Nəriman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımından, qətliamdan xilas olmuş şəxslər ilə görüşərək lentə aldığı kadrları sənədlər və faktlar əsasında tamaşaçının ixtiyarına verib. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinlərinin bir qisminin məskunlaşdığı Goranboy rayonunun Ağca kəndində məskunlaşmış Xocalı sakinləri ilə qarlı bir gündə görüşərək acı həqiqətləri tariximin silinməz səhifəsinə sənədlər əsasında köçürür. Müəllif üçün bu kadrları lentə almaq nə qədər çətin, ağrılı olsa da, o, peşəkarcasına sənədli filmi ərsəyə gətirmişdir.
 
Filmdə Xocalı hadisələrinin XX əsrin ən böyük faciəsi kimi tarixə yazıldığı, faciə zamanı yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi, dözülməz işgəncələrə məruz qaldığı və doğma yurd-yuvalarından didərgin salındığı göstərilir. Özü də şaxtalı - qarlı bir gündə. Müəllif təbiətin bu gözəlliyini, bütün insanlar kimi, vaxtilə Xocalı sakinlərinin də hər zaman sevinclə qarşılaşdığını bildirir. Amma illərdir qar yağanda viran olmuş şəhərin acı xatirələri çözəlir. Filmdə, həmçinin, faciə şahidlərinin dəhşətli hadisələrlə bağlı sadaladıqları faktlara da yer verilib. Filmin ən dəhşətli anları o illəri dilə gətirən Xocalı sakinlərinin ifadə etdikləri yaşantılarıdır. Çox ağrılı xronikalar hadisələrin obyektiv mənzərəsini canlandırır. Filmdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin dəhşətlərini reallıqlarla əks etdirilir. Xocalı sakinlərindən olan Salman Abbasov, Məmləkət Abışova, Valeh Hüseynov, Şükür Bəşirov və başqalarının dilindən o günün hadisələrini eşitmək və erməni vəhşiliyi ilə bir daha tanış olmaq insanı hiddətləndirir. Filmdə "Həmin gecə çaylar al qana boyandı, qız-gəlinin ah-naləsi ərşə çəkildi. Həmin gecə insanlar xüsusi qəddarlıqla öldürüldü. Qocalar diri-diri yandırıldı. Həmin gecə bir şəhər yer üzündən silindi" - deyən müəllif ən ağır cinayətlərdən olan genosidin filmdə əksini kadrlara köçürməklə, bu hadisələrin yaddaşlarda yaşadılmasına nail olur.
 
Bu sənədli film xalqımızın növbəti faciəsini yaşadığı bir tarixin gerçəkliyidir. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları, hər bir azərbaycanlının qan yaddaşına elə çökmüşdür ki, bu hadisələri kiminsə unutmağa mənəvi haqqı yoxdur. Heç bir haqqı olmayan erməni dünyanın gözü qarşısında bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdi.
 
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar. "92-ci ilin qarı" filmi Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı olan Xocalı faciəsinin tariximizin ən acı səhifəsi olduğunu bir daha diqqətə çatdırır. Bu film gənclərimizin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Odur ki, Bakı şəhər İcra Hakimiyyətininin Kino Xidməti İdarəsinin təşkilatçılığı ilə film bu günə qədər bir çox hərbi hissələrdə və təhsil ocaqlarında nümayiş olunub. Gənclər tarixdən nəticə çıxarmalı və gələcəkdə bu kimi faciələrin bir daha baş verməməsi üçün daha mübariz olmalıdırlar. Xocalı faciəsinin və bütövlükdə, ermənilərin Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin konkret tarixi faktlarla gənclərimizin diqqətinə çatdırılmasının böyük əhəmiyyəti var. Film tarixin - Xocalı SOYQIRIMININ silinməz bir səhifəsini əbədiləşdirib.
 
Zümrüd BAYRAMOVA