3 dekabr – Beynəlxalq əlillər günü

3 dekabr – Beynəlxalq əlillər günü

  • 03 Dekabr, 2018

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.
Statiskaya əsasən dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər. BMT-nin məlumatına əsasən, onlar dünya əhalisinin ən kasıb hissəsini təşkil edir və təhsil, səhiyyə, məşğulluq sahələrində, eləcə də sosial və hüquqi yardım almaq baxımından digər cəmiyyət üzvləri ilə eyni imkana malik deyillər.
2006-cı ildə ““Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görülür. Həmin sahələrin hər biri üzrə lazımlı addımlar atılır.
2014-cü il iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi Sərəncama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ailələri və əlillər üçün mənzillər və şəxsi evlər tikilir. Həmin kateqoriyadan olan 5560 ailəyə mənzil və ya fərdi evlər verilib, onlardan təxminən 5 100 nəfərini Qarabağ müharibəsinin əlilləri və şəhid ailələri təşkil edir.
Ölkəmizdə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. Onların hər birinin sağlamlığına, taleyinə və yaşam tərzinə qayğı ilə yanaşmaq, üzləşdiyi çətinlik və problemləri yüngülləşdirmək təkcə dövlətin yox, həm də hər kəsin vəzifəsi olmalıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidməti idarəsi əlillərin asudə vaxtlarının səmərəli təşkili və onların cəmiyyətə inteqrasiyası üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. “Sərhədsiz incəsənət” layihəsi çərçivəsində əlilliyi olan, görmə, eşitmə və nitq qüsurlu insanlar üçün Gözdən Əlillər Cəmiyyəti ilə birlikdə tiflo və surdo tərcüməli filmlər hazırlanaraq, onların istifadəsinə verilmişdir. Eyni zamanda idarəmiz əlilliyi olan insanlarla bir sıra maraqlı və yaddaqalan tədbirlər də keçirir.